Bərdəli gənclər pandemiyaya qarşı mübarizədə fəal iştirak edirlər
Bərdə, 6 iyul, AZƏRTAC
Bərdə rayonunda COVID-19 pandemiyasına qarşı mübarizə üçün yaradılmış mobil qruplar Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında şəhərin ayrı-ayrı küçələrində, xüsusilə, vətəndaşların sıx hərəkət etdiyi yerlərdə maarifləndirmə işləri aparırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mobil qruplara Bərdə Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Bərdə Regional "ASAN xidmət" mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin könüllüləri də qoşulublar.
Gənc könüllülər və əməkdaşlar ərazilərdə sosial məsafənin qorunması, tibbi-gigiyenik vasitələrin və maskaların istifadəsinin zəruriliyi barədə maarifləndirici söhbətlər aparır, vətəndaşlara tibbi maska, əlcək və məlumatlandırıcı bukletlər paylayırlar. Bundan əlavə, gənclər mobil qrupların tərkibində marketlərdə monitorinq aparır, aidiyyəti üzrə təlimatları sahibkarların diqqətinə çatdırır, nümunəvi marketlərə fərqlənmə stikerləri yapışdırır, nöqsan olanlara isə xəbərdarlıq edilir.
Görülən işlərdə gənclərə polislər tərəfindən dəstək verilir və maarifləndirmə işlərində onlar birgə iştirak edirlər.