DÜNYA
Berlin Beynəlxalq turizm sərgi və konqresi başa çatıb





Berlin, 7 mart, AZƏRTAC
Berlində keçirilən Beynəlxalq turizm sərgi və konqresi (ITB Berlin 2025) martın 6-da işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, sərgini üç gün ərzində 100 min nəfər ziyarət edib. Onların 87 faizi beynəlxalq ziyarətçilər olub.
“ITB Berlin 2025”də 170-dən çox ölkədən 5800 şirkət iştirak edib və 80 mindən çox biznes əlaqəsi qurulub. Xüsusilə kruiz və səyahət texnologiyaları sektoru böyük maraq doğurub. Sərgidə süni intellektin ödəmə sistemlərində və “Seamless Travel” həllərində istifadəsi, eləcə də davamlı turizm trendləri diqqət mərkəzində saxlanılıb.
“ITB Berlin” Konqresi çərçivəsində 400-dən çox sessiyada 200-dən çox spiker səyahət sənayesinin gələcəyi, süni intellektin rolu və dayanıqlı turizm modelləri haqqında müzakirələr aparıb. Konqresdə 34 ölkədən 39 nazir və 37 səfir iştirak edib, dayanıqlı inkişaf və turizmdə investisiyalar mövzuları müzakirə olunub.
Tədbirdə “ITB Americas” sərgisinin 2026-cı il noyabrın 10-12-də Meksikanın Quadalaxara şəhərində keçiriləcəyi elan olunub.
Xatırladaq ki, “ITB Berlin”də ölkəmiz də təmsil edilib. Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə təqdim olunub. Stenddə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri daxil olmaqla, ümumilikdə, 12 sənaye tərəfdaşı təmsil edib. Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın tarixi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş mədəni obyektləri, milli mətbəxi, şərabçılıq məhsulları və digər turizm imkanları barədə ətraflı məlumat verilib. Həmçinin digər ölkələri təmsil edən turizm sənayesinin nümayəndələri ilə görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, bir sıra xarici şirkətlərin rəhbər və nümayəndələri də milli stendimizi ziyarət ediblər.
Qlobal turizm sənayesinin ən mühüm tədbirlərindən olan “ITB Berlin” ilk dəfə 1966-cı ildə keçirilib. Həmin vaxt sərgidə 9 ölkədən 250-dək iştirakçı qatılıb. İllər keçdikcə sərginin miqyası və əhəmiyyəti sürətlə artıb. Dünyanın ən böyük turizm platforması olan “ITB Berlin”də iştirakçılar yeni turizm trendlərini öyrənir, biznes əlaqələri qurur və müxtəlif regionların turizm potensialı ilə tanış olurlar. Sərgi, həmçinin turizm tendensiyalarını müəyyənləşdirir, innovasiyaları dəstəkləyir və turizm sahəsində əməkdaşlığı gücləndirir. Gələn il “ITB Berlin” 60 illik yubileyini qeyd edəcək və daha genişmiqyaslı tədbirlərlə qlobal turizm sənayesini bir araya gətirəcək.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin