SİYASƏT
BERNAMA agentliyi: Türkiyə Ermənistanı Dağlıq Qarabağda atəşkəsə əməl etməyə çağırıb
![BERNAMA agentliyi: Türkiyə Ermənistanı Dağlıq Qarabağda atəşkəsə əməl etməyə çağırıb](/files/2020/3/1200x630/1609255567319847981_1200x630.jpg)
Kuala Lumpur, 29 dekabr, AZƏRTAC
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması və Ermənistanın razılaşmaya əməl etməsi barədə çağırışının əks olunduğu məlumat yayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, agentliyin yaydığı məlumatda Rusiya Müdafiə Nazirliyinin Qarabağ atəşkəs mərkəzi tərəfindən Hadrut rayonunun Tuğ qəsəbəsində baş vermiş mümkün atışma barədə informasiyanın araşdırıldığı barədə xəbəri öz əksini tapıb. Bu barədə Azərbaycan KİV-lərinin də məlumat yaydığı qeyd edilib.
Məlumatda H.Aksoyun səsləndirdiyi bəyanatdan sitat da gətirilib: “Dağlıq Qarabağda silahı təhvil verməkdən və ərazini tərk etməkdən imtina edən erməni qruplarının üzvlərinin Azərbaycan Silahlı Qüvvələrinə hücumu noyabrın 10-da əldə edilmiş üçtərəfli razılaşmaya müvafiq olaraq tətbiq edilən atəşkəs rejiminin kobud şəkildə pozulmasıdır. Erməni silahlılarının noyabrın 26-da, dekabrın 8, 11 və 27-də təşkil etdiyi hücumlar nəticəsində Azərbaycan hərbçiləri və mülki vətəndaşlar həlak olublar”.
Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, erməni silahlılarının ərazidən çıxarılması və atəşkəs rejiminə əməl edilməsi ilə bağlı məsuliyyət üçtərəfli razılaşmaya imza atmış Ermənistan rəhbərliyinin üzərinə düşür. Bildirilir ki, özünümüdafiə hüququndan istifadə edən Azərbaycan erməni silahlılarına qarşı düzgün addım atıb.
Məlumatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, cari ilin sentyabrında Ermənistan qoşunlarının cəbhə xəttində təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücuma keçməsi barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, döyüşlərin gedişində tərəflər arasında bir neçə humanitar atəşkəs razılaşması əldə edilsə də, yalnız noyabrın 10-da imzalanan üçtərəfli razılaşma ilə müharibəni dayandırmaq mümkün olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur