Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ respublikası”nı tanımır
Paris, 20 noyabr, AZƏRTAC
Fransanın “Agoravox” portalında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Bertrand Sorrenin müsahibəsi yayılıb.
AZƏRTAC xəbər verir ki, müsahibədə B.Sorre ikitərəfli münasibətlərdən danışıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr müavini ölkəsinin bu məsələ ilə bağlı aydın mövqeyinin olduğunu xatırladıb. Bildirib ki, Fransa “Dağlıq Qarabağ respublikası”nı tanımır.
O, bəzi fransız deputatların Dağlıq Qarabağa səfərlərinə və dostluq xartiyaları imzalamalarına münasibət bildirərək deyib ki, belə səfərlərin və imzalanan xartiyaların Fransa hökuməti üçün heç bir dəyəri yoxdur.
Fransa mediasında Azərbaycana qarşı mənfi münasibətdə olan qərəzli jurnalistlər var və onlar ölkə haqqında səhv məlumatlar yayırlar. B.Sorre Fransada olan erməni lobbisinin fransız mediasına təsir göstərdiyini vurğulayıb.
Dostluq qrupunun sədr müavini Bakı Beynəlxalq Humanitar Forumundan və ölkəmizin ev sahibliyi etdiyi digər mötəbər tədbirlərdən də danışıb. O, Bakıya səfərləri zamanı ölkəmizdə demokratiyanın şahidi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda qadınlara səsvermə hüququ bir çox Avropa ölkələrindən əvvəl verilib. B.Sorre iki ölkə arasında təhsil və turizm sahələrindəki əlaqələrdən də söz açıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris