Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a İttifaqdan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə 1990-cı il 20 Yanvarda Bakıda mülki əhaliyə qarşı törədilmiş dəhşətli faciə haqda məlumat verib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu hadisələrə ilk dəfə siyasi qiymət verməsi, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını xüsusi vurğulayıb. Həmçinin Firəngiz Əlizadə bu faciə ilə əlaqədar Azərbaycan bəstəkarlarının çoxlu sayda əsərlərinin siyahısını təqdim etməklə, bu əsərlər haqqında fikirlərini bölüşüb.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Jalə Qulamovanın “20 Yanvar faciəsinin Azərbaycan musiqi mədəniyyətində bədii-estetik təcəssümü”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyevanın “Simfonik musiqidə 20 Yanvar mövzusu” adlı məruzələri dinlənilib.
Eyni zamanda, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın çıxışında 1946-cı il yanvarın 20-də anadan olmuş tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbərin yaradıcılığından söz açılıb.
Məruzələrdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşova, İdarə Heyətinin üzvləri - Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, bəstəkar Rəna Qədimova, fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva və başqaları çıxış ediblər.
Tədbirin bədii hissəsində bəstəkar Tahir Əkbərin “Ya Rəbb” poema-kompozisiyasının audiolent yazısı nümayiş olunub. Həmçinin gənc bəstəkar Kamran Nəsirov qoboy və piano üçün yazdığı “Yanvar elegiyası” əsəri haqqında fikirlərini bölüşüb. Həmin əsər beynəlxalq müsabiqələr laureatları Murad Tağıyev (qoboy) və Emil Əhmədzadə (piano) tərəfindən ifa edilib.