MƏDƏNİYYƏT
Bəstəkarlar İttifaqında musiqi ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyan tədbirlər təşkil edilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Bəstəkarlar İttifaqından AZƏRTAC-a məlumat verilib.
İclasda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə cari ilin birinci yarımilliyində görülən işlərdən danışıb. Bildirib ki, 2017-ci ilin ötən müddətində rəhbəri olduğu qurum musiqi ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyan tədbirlər təşkil edib.
Çıxışında F.Əlizadə görkəmli bəstəkar, böyük pedaqoq, musiqi-ictimai xadim, Xalq Artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunmasında ittifaqın yaxından iştirak etdiyini xüsusi vurğulayıb. Qurumun sədri iyunun 27-dən iyulun 1-dək Şəki şəhərində baş tutan “İpək Yolu” VIII Beynəlxalq Şəki Musiqi Festivalı barəsində də ətraflı danışıb.
Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində Xalq Artisti Müslüm Maqomayevin 75 illiyinə həsr edilən xatirə gecəsinin keçiriləcəyini söyləyən F.Əlizadə noyabrda görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinin də dövlət səviyyəsində qeyd ediləcəyini diqqətə çatdırıb.
Bildirilib ki, noyabrın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında Tofiq Quliyevin həyat və yaradıcılığına həsr edilən elmi konfrans, habelə kamera instrumental əsərlərindən ibarət konsert proqramı təşkil olunacaq.
Tədbirlər planı haqqında danışan Azərbaycan Bəstəkarlar İttifaqının sədri bu ilin sonunadək Xalq Artisti Tofiq Bakıxanovun “Şərq sonataları”ndan ibarət müəllif-konsertinin, bəstəkar, Əməkdar İncəsənət Xadimi Elnarə Dadaşovanın yaradıcılıq gecəsinin, Azərbaycan Bəstəkarlar İttifaqının katibləri tanınmış musiqişünas, Əməkdar İncəsənət xadimləri Zemfira Qafarovanın 75, Sərdar Fərəcovun 60, Cəlal Abbasovun 60, o cümlədən Xalq Artistləri Elza İbrahimovanın 80, Emin Sabitoğlunun 80, Nəriman Məmmədovun 90 illiklərinə həsr edilən xatirə gecələrinin keçiriləcəyini söyləyib.
F.Əlizadə vurğulayıb ki, dahi bəstəkar, Xalq Artisti Qara Qarayevin 2018-ci ildə 100 illiyi Beynəlxalq Musiqi Festivalı kimi qeyd olunacaq. Azərbaycan Bəstəkarlar İttifaqı musiqi ictimaiyyətimiz üçün böyük əhəmiyyətə malik olacaq bu yubileyə çox ciddi hazırlaşır. Artıq bəstəkar barədə məqalələrin toplanılmasına başlanılıb və bu məqalələr böyük bir kitab şəklində çap olunacaq. Həmçinin postsovet ölkələrinin bəstəkarlar ittifaqına məktublar göndərilib ki, görkəmli bəstəkarı tanıyan hər kəs onun haqqında məqaləsi və xatirə qeydlərini ittifaqa göndərsin.
Sonra ittifaqın katibləri, Əməkdar İncəsənət xadimləri Zemfira Qafarova Cəlal Abbasov, Sərdar Fərəcov görülən işlərdən danışıblar.
Daha sonra iclasın gündəliyindəki məsələlər barədə geniş müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib.
Sonda F.Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzvlərin qəbul edilməsi ilə bağlı məsələni müzakirəyə çıxarıb. İdarə Heyətinin yekdil qərarı ilə istedadlı gənc bəstəkarlar Fərid Fətullayev, Turan Məmmədli, o cümlədən tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəna Səfərəliyeva Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul ediliblər.