Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçiriblər.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” əmtəə nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.