Beynəlxalq Antikorrupsiya Akademiyasının 3-cü Assambleyası Bakıda keçiriləcək
Vyana, 16 noyabr, AZƏRTAC
Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) növbəti Assambleyasının bu il noyabrın 19-21-də Bakıda keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın Avstriyadakı səfirliyindən verilən məlumata görə, Assambleyada bir sıra ölkələrin yüksək səviyyəli dövlət rəsmilərinin, o cümlədən nazirlərin, parlament sədrlərinin, korrupsiyaya qarşı mübarizə komissiyaları rəhbərlərinin və digər vəzifəli şəxslərin iştirakı gözlənilir.
IACA-nın əsas fəaliyyət istiqaməti korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış kadrlar hazırlanması və üzv dövlətlərə bu istiqamətdə texniki yardım göstərilməsidir. Akademiya 2012-ci ildə dünyada ilk dəfə olaraq korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq magistr proqramına başlayıb. Bu ilin dekabrında proqramı başa vuran 27 məzun dünyada müvafiq sahə üzrə təhsil almış ilk mütəxəssislər olacaq. Qeyd edək ki, onların arasında Azərbaycan vətəndaşı da var.
IACA 2010-cu ildə Avstriya hökuməti, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) və Avropa İttifaqının Saxtakarlıq əleyhinə Təşkilatı (OLAF) tərəfindən təsis edilib. Akademiya korrupsiyaya qarşı mübarizə sahəsində dünyada beynəlxalq statuslu yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, həmçinin beynəlxalq təşkilat statusuna da malikdir. Hazırda təşkilatın 59 üzvü var. Onlardan 56-sı BMT-yə üzv dövlətlər, 3-ü isə beynəlxalq təşkilatlardır. Azərbaycan 2012-ci ildən IACA-nın tamhüquqlu üzvüdür.
Assambleya IACA-nın əsas qərarverici qurumudur.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana