İDMAN
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlamışdır
Bakı, 4 noyabr (AZƏRTAC). Beynəlxalq Cüdo Federasiyası (IJF) yeni reytinq cədvəlini açıqlamışdır.
AZƏRTAC xəbər verir ki, sentyabrda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın ilk qızıl medalını qazanmış Elxan Məmmədov 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçular arasında birinci pillədəki mövqeyini qorumuşdur. Onun 2376 xalı vardır. Bu çəkidə mübarizə aparan Elmar Qasımov 7-cidir (984). Şahin Qəhrəmanov (90 kq) da komanda yoldaşı ilə eyni pillədə qərarlaşmışdır. Adı son çəkilən idmançının xalı nisbətən azdır - 810.
Həmin mötəbər yarışda bürünc mükafata sahib çıxmış Orxan Səfərov (60 kq) sürətlə irəliləyərək 23-cü pilləyə yüksəlmişdir (481). Eyni çəkidə güləşən İlqar Müşkiyev 15-cidir (638).
Digər təmsilçilərimizdən Nicat Şıxəlizadə (66 kq) 13-cü, Rüstəm Orucov (73 kq) 14-cü, Tural Safquliyev (81 kq) 34-cü, Olimpiya çempionu Elnur Məmmədli (81 kq) 52-ci, Vaxtangi Bitiyev (100 kq-dan yuxarı) 72-ci mövqedə qərarlaşmışlar.
Qadın cüdoçuların reytinqində ən yaxşı göstərici Kifayət Qasımovaya (57 kq) məxsusdur. O, 576 xalla 16-cıdır.