Beynəlxalq elmi nəşrdə Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında oçerk təqdim olunub
Bakı, 30 avqust, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində bu müəssisənin elmi işlər üzrə direktor müavini dosent Fərhad Cabbarovun Xantı-Mansiysk Geologiya, Neft və Qaz Muzeyinin (Rusiya Federasiyası) elmi işlər üzrə direktor müavini İvan Yaşkov ilə görüşü olub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Görüşdə hər iki muzeyin gələcək birgə layihələrindən bəhs edilib.
Sonra İ.Yaşkov Geologiya, Neft və Qaz Muzeyinin “Qaz Atlası” adlı yeni nəşrini muzeyə hədiyyə edib. Atlas Rusiya, Azərbaycan və digər MDB ölkələri, həmçinin Avropa muzeylərinin materialları əsasında hazırlanıb. Nəşrdə F.Cabbarovun müəllifliyi ilə Azərbaycanda qaz sənayesinin tarixi haqqında oçerk də yer alıb.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi ilə Geologiya, Neft və Qaz Muzeyi XIX-XX əsrlərdə neft hasilatı tarixinə həsr olunmuş - “Hacı Zeynalabdin Tağıyev - sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu” və “Azərbaycanlı Prometey - Fərman Salmanov. Sibir neftinin kəşfi” adlı sərgilərin təşkilində əməkdaşlıq ediblər.