Beynəlxalq hüquq normaları, Arakelyanın sürücülük vəsiqəsi və uçmağı bacarmayan Yeqişe
Bakı, 22 iyun, AZƏRTAC
Bir neçə gündür erməni saytları “Ermənistan vətəndaşı, “DQR ordusu”nun podpolkovniki Aleksan Arakelyana məxsus sürücülük vəsiqəsinin itməsi ilə bağlı növbəti şou düzəltməyə başlayıb. Hətta iş o yerə çatıb ki, Ermənistan və “DQR” ombudsmanları da işə qarışaraq beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, sürücülük vəsiqəsinin geri qaytarılması ilə bağlı “sensasion” bəyanat yayıblar.
Əslinə baxanda, burada qeyri-adi heç nə yoxdur. Amma buna başqa tərəfdən yanaşsaq, ermənilərin növbəti ədəbsizliyi və diplomatik təlxəkliyi açıq-aydın görünür. İlk olaraq, ədəbsizlik ondan ibarətdir ki, Ermənistan vətəndaşı necə olur ki, separatist rejimin, quldur dəstəsinin “podpolkovniki” olur. Əgər beynəlxalq hüquqdan söhbət gedirsə, Aleksan Arakelyanın və onun kimilərinin quldur dəstələrin tərkibində başqa ölkənin ərazisində “xidmət” etməsi - işğalçılıq fəaliyyəti ilə məşğul olması və Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi bütün beynəlxalq normaların hörmətsizcəsinə pozulması deyilmi? Bir də ki, dünyada münaqişələrdə gündə minlərlə sənəd itir. Əgər beynəlxalq qurumlar ancaq bu sənədlərin tapılması və qaytarılması ilə məşğul olarsa, onda bəs həmin münaqişələrdə əziyyət çəkən, itkin düşən insanların taleyi ilə kim maraqlanacaq?
Bu xəbəri oxuyarkən Yeqişe və Rozanna cütlüyünün Ermənistana qaytarılması zamanı ermənilərin qurduğu şounu xatırladım. Erməni saytlarında yayılan həmin xəbərləri yenidən oxuyanda uşaqlıqdan bildiyim bir lətifə yenidən yadıma düşdü. “Tutuquşu ilə canavarı şuluqluq etdiyinə görə təyyarədən atırlar.
Tutuquşu soruşur: Canavar, paraşütün var?
- Yox!
- Qanadın var?
- Yox!
- Bəs onda, ay yazıq, niyə hoppanıb düşürsən?”
Yeqişe də arvadı Rozanna və uşaqları ilə Bakıdan gedəndə çox hoppanıb düşürdü. Guya, bizim əlimizdən canını qurtardığına görə sevinirdi. Ancaq axıra qədər sevinə bilmədi. “Yazıqlar” bilmirdilər ki, onları canlarından elə bezdirəcəklər ki, bir gün çıxıb özlərini damdan atmağa cəhd edəcəklər.
İlk olaraq, Ermənistan xüsusi xidmət orqanları ona nə etdilərsə o tutuquşu kimi danışmağı öyrəndi. Bakıda “gördükləri” barədə döşəməyə başladı, özü də nə başladı. Halbuki, onun və ailəsinin saxlandığı şərait Yerevanda heç bəzi mənəm-mənəm deyən ailələrdə belə yoxdur. Hamı bilir ki, bu dilənçi ölkədə hər kəs normal təmin olunmayıb. Amma Yeqişe, arvadı və uşaqları Yerevanda görmədiyi gözəl günləri məhz Bakıda gördülər və axırda da dönüb qudurmuş qurbağa oldular.
Amma unutmayaq ki, Allah da göydən baxır axı. Ermənistan xüsusi xidmət orqanları onu təlxək edib ortalığa atdılar, tutuquşu kimi danışdırdılar. O da ona nə öyrətmişdilərsə hamısını danışdı. Amma erməni “çekistlər hələ adama uçmaq öyrədə bilmirlər”. Bilsəydilər, bir gün Yeqişe arvadı Rozanna ilə özlərini atmaq istədikləri 11 mərtəbəli binanın damından pərvazlanaraq “çiçəklənən Ermənistan”dan uçub gedərdilər. Yeqişe və arvadı uça bilmirlər. Yaxşı ki, uça bilmirlər. Yoxsa, qoşulub başqa quşlara gələrdilər Bakıya və yenə də onların zibilin biz çəkərdik. Şükür, xudanın kəramətinə.
Nə isə, yenə qayıdaq Aleksan Arakelyanın sürücülük vəsiqəsinə. İnanıram ki, o vəsiqə Ermənistana qaytarılandan sonra ermənilər daha bir gülünc şou quraraq beynəlxalq səviyyədə həmin “sürücülük vəsiqəsinin hüquqları”nın tapdandığını, işgəncələrə məruz qaldığını, hətta erməni vəsiqələrinin də “soyqırıma məruz qaldığını” iddia edəcəklər.
İnanıram ki, edəcəklər. Ermənilərdən nə ədəbsizlik desən, gözləmək olar.
İsa İsmayılov, hərbi jurnalist