Beynəlxalq ictimaiyyətdən daha bir riyakarlıq - Qərbi Azərbaycana Qayıdışdan bəhs etmək istəmir
Bakı, 11 yanvar, AZƏRTAC
Qərbi Azərbaycan tarixi dünya coğrafiyasının ədalətsiz imperialist maraqlar rakursunda nə qədər birtərəfli olduğunu göstərən mühüm faktoloji əsasdır. Azərbaycanlıların əsrlər boyu didərgin salınması, imperialist dairələrin bu reallığı görməzdən gəlməsi və nəticədə işğalın legitimləşdirilməsi bir xalqın yurd-yuvalarından zorla qovulması prosesinin ən dəhşətli mənzərəsidir. Qərbi Azərbaycanda xalqımıza məxsus mədəni irsin, azərbaycanlıların izlərinin Ermənistan dövləti tərəfindən total şəkildə saxtalaşdırılması, yox edilməsi prosesi ardıcıl formada davam edir. Eyni zamanda, Xankəndi və onun ətrafında yaşayan azsaylı erməni vətəndaşlarımızı separatçı oyunlara cəlb edən xarici güclər azərbaycanlıların Qərbi Azərbaycana qayıdış prosesindən bəhs etmirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
Politoloq qeyd edib ki, Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdışı ədalətin özü, beynəlxalq hüququn işləkliyi, humanist dəyərlərin aliliyi deməkdir. Biz qlobal nizamsızlıqdan heç nə gözləmirik. Xalq olaraq öz Liderimizə güvənirik. Həmçinin hər birimiz Qərbi Azərbaycan məsələsində fəal və prinsipial olmağı bacarmalıyıq.
Bildirilib ki, məqsədə çatmaq üçün Qərbi Azərbaycandakı yer adları, kəndləri, toponimləri barədə məlumat bazalarını formalaşdırmaqda bütün ictimaiyyət nümayəndələri fəal olmalıdırlar. İrəvandakı Təpəbaşı məhəlləsi də daxil olmaqla, bir çox Azərbaycan abidələrinə qarşı erməni vandallığı bir an da olsun dayanmayıb. Əminliklə söyləmək olar ki, əlimizdəki bütün mexanizmləri işlək hala gətirmək üçün Qərbi Azərbaycan məsələsində də xalqımız vətəndaş birliyini ən yüksək səviyyədə nümayiş etdirəcək.
Ekspert xatırladıb ki, 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox adam deportasiya olunub. Bununla bərabər, XX əsr ərzində Ermənistanın Qərbi Azərbaycan və bu bölgədən olan soydaşlarımıza təzyiqləri davam edib. Qərbi azərbaycanlıların deportasiyası rəsmi olaraq 4 dəfə həyata keçirilib və təəssüf ki, bu ağlasığmaz özbaşınalığa münasibətdə beynəlxalq ictimaiyyət hələ də susur.
T.İsmayılov əminliyini bildirib ki, dövlətimiz heç bir güc tətbiq etmədən soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını reallaşdıracaq.