BEYNƏLXALQ KONFRANS UĞURLA KEÇMİŞDİR
Kamal Abdulla AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, tədbirin keçirilməsində hər iki ali təhsil ocağı ilə yanaşı Türkiyədəki Fransa İnstitutunun qafqazşünaslıq şöbəsinin, Fransanın ölkəmizdəki, Azərbaycanın isə Fransadakı səfirliklərinin böyük əməyi olmuşdur. Konfransın açılış mərasimində İNALKO-nun vitse-prezidenti Klod Aliber və Senatın Fransa-Azərbaycan dostluğu qrupunun başçısı Ambruaz Düpon çıxış etmişlər. Konfrans dörd bölmədə (dil, ədəbiyyat və mədəniyyət, tarix və cəmiyyət, beynəlxalq münasibətlər) fəaliyyət göstərmişdir.
K.Abdulla dil bölməsinin iclasında “Azərbaycan dili Şərq mədəniyyətinin öyrənilməsinin açarı kimi” məruzəsində Azərbaycan dilinin qədim dövrlərdən indiyə qədər keçdiyi yoldan danışmış, müsəlman Şərqində ilk teatr tamaşasının, qəzetin, operanın, filmin, demokratik respublikanın məhz Azərbaycanla bağlı olduğunu bildirmişdir. Bu bölmənin iclasında Bosfor Universitetindən Sonel Bosnalının “Azərbaycan dili: adsız, yoxsa, çoxadlı?” məruzəsi maraqla qarşılanmışdır. O, dilimizin adının Azərbaycan dili kimi saxlanılmasının məqsədəuyğunluğunu xüsusi vurğulamışdır. Mişel Bozdəmirin “Azərbaycan dilinin Fransada tədrisi” məruzəsi də maraqla qarşılanmışdır.
Ədəbiyyat və mədəniyyət bölməsinin iclasında Anarın “Azərbaycanın müstəqillik dövrü ədəbiyyatı” adlı məruzəsi böyük diqqətlə dinlənilmişdir. O, ədəbiyyatımızın çoxəsrlik inkişaf yolunu, bugünkü vəziyyətini ətraflı təhlil etmişdir.
Mədəniyyət və İncəsənət Universitetindən Cəmilə Həsənzadənin “Orta əsrlər Azərbaycan miniatürü”, “Simurq” Assosiasiyasından Fuad Məmmədovun “Azərbaycan mədəniyyəti cəmiyyətin qloballaşmasına doğru”, AMEA-dan Fəridə Məmmədovanın “Albanlar - Azərbaycanın formalaşması”, Slavyan Universitetindən Reyhan Hüseynovanın “Klassik muğam Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi” məruzələri, Brenda Şafferin, Teymur Mühiddinin, Jak-Lui Bak-Qrammonun, Şarf Ureviçin, Fransuaza Jenevrenin, Bayram Balçının çıxışları yaddaqalan olmuşdur.
İNALKO-nun vitse-prezidenti Klod Aliber Bakı Slavyan Universiteti rektorunun ünvanına göndərdiyi məktubda yazır ki, mən bizim hamımızı birləşdirən konfransın nəticələrindən çox məmnunam və əməkdaşlığımızın davam edəcəyinə ümidvaram.