Beynəlxalq Muğam Mərkəzində konsert - O illərin nəğməsi
Bakı, 20 aprel, AZƏRTAC
“Naz” vokal ansamblı Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “O illərin nəğməsi” adlı konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, vokal ansamblın ifasında Azərbaycanın milli və retro musiqisindən seçilmiş əsərlər təqdim olunub. Ansamblın üzvləri Xanımana Məmmədzadə, Firuzə Məmmədova, Əminə Hacıyeva, Sevil Əsədullayeva və Nigar Rüstəmova illərin unudulmayan melodiyalarını, sevilən və yaddaşlara həkk olan mahnıları özünəməxsus ifalarla təqdim ediblər.
Ansamblı fortepianoda Etibar Ərdəbili, bas-gitarada Şəmsi Məmmədov, zərb alətində Əli Qurbanov müşayiət edib. Proqramda Tofiq Quliyev, Xəyyam Mirzəzadə, Rauf Hacıyev, Eldar Mansurov və digər sevilən bəstəkarların əsərləri səsləndirilib.