Beynəlxalq Qırmızı Xaç Komitəsi öz missiyasını layiqincə yerinə yetirmir – AÇIQLAMA
Bakı, 31 avqust, AZƏRTAC
Qarabağ münaqişəsi nəticəsində on minlərlə azərbaycanlı şəhid olub, minlərlə insanın isə taleyi haqqında dəqiq məlumat yoxdur. Hazırda 44 günlük Vətən savaşından sonra işğaldan azad olunan Azərbaycan torpaqlarında itkin düşmüş insanların qalıqlarını tapırıq və düşünürəm ki, bu proses uzun müddət davam edəcək.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert, jurnalist İbrahim Rüstəmov deyib.
O qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) məsələ ilə bağlı missiyasını layiqincə yerinə yetirməyib. Şuşada, Xankəndidə, Xocavənddə saxlanılan və daha sonra əsirlikdən azad olan şəxslər birmənalı şəkildə komitənin işindən narazılıq edirlər. Onların Qarabağdakı fəaliyyəti ermənilərin mövqeyini müdafiə etməkdən ibarət olub.
İ.Rüstəmov erməni vandalizmindən xilas olan azərbaycanlı əsirlərin açıqlamaları haqqında danışıb: “Dinlədiyim şəxslərdən biri əsirlikdə olarkən BQXK-nin nümayəndəsinin ona yaxınlaşdığını və qanlı, işgəncədən halsız düşmüş bədəninə baxaraq “Sən öləcəksən və biz ölüm xəbərini sənədlə ölkənə göndərəcəyik” dediyini xatırlayır. Bu hadisə komitənin Azərbaycan əsirlərinə qarşı göstərdiyi vicdansızlığın nümunəsidir. Prinsipləri humanizm, insan haqları, demokratiya olan, missiyası müharibə zamanı əsir düşənlərin həyatını xilas etmək, onların hüquqlarını müdafiə etmək olduğunu bəyan edən bir komitənin bütün bunlara göz yumması onun üçün imic zərbəsidir. Komitə həmin missiyanı yerinə yetirmək üçün yüksək miqdarda məvacib alır. Lakin hər iki Qarabağ müharibəsi zamanı komitənin yeganə işi ermənilərə xidmət etmək olub. Təşkilatın Birinci Qarabağ müharibəsi zamanı dinc Azərbaycan əhalisinə qarşı vəhşicəsinə soyqırımı törədən Vaqif Xaçaturyanı Ermənistana qaçırmaq cəhdi onların ermənipərəst, birtərəfli mövqeyini açıq şəkildə göstərir. BQXK sanki, terrorçu cinayətkar ermənilərin himayədarlıq missiyasını öz üzərinə götürüb. Təbii ki, bütün bunlar yolverilməzdir”.
Hərbi ekspert söyləyib ki, komitə torpaqları işğal olunmuş bir milyondan çox azərbaycanlı məcburi köçkünün taleyi barədə heç maraqlanmayıb. Lakin indi əliyalın qadınları, uşaqları işgəncələrlə öldürən qatil Vaqif Xaçaturyanın məktubunu daşıyır. Ermənistanın əsir götürdüyü insanlara təzyiq altında yazdırdığı məktubların isə çoxu heç Azərbaycana təhvil verilməyib. Azərbaycan Bayrağının erməni futbolçular tərəfindən tapdalanması və həmin görüntünün ictimaiyyətə təqdim edilməsi kimi faktların üstü örtülür. Beynəlxalq Qırmızı Xaç Komitəsi həmin futbolçuları öz himayəsinə götürür. Hər hansı cinayəti gizlətmək və ya dəstəkləmək həmin cinayətdə iştirak etmək sayılır. Bütün bunları nəzərə alaraq, Azərbaycan beynəlxalq səviyyədə BQXK-yə nota verməlidir. Onlar Azərbaycanın baş verən bütün proseslərdən xəbərdar olduğunu bilməlidirlər. Birinci Dünya müharibəsi zamanı həmin təşkilat əsirlikdə olan insanların talelərinə qarşı çox həssas yanaşaraq böyük nüfuz qazanıb. Lakin Qarabağda baş verən proseslərə onun ermənipərəst mövqeyi yolverilməzdir. Bu, komitənin imicinə olduqca mənfi təsir göstərir.