Biləsuvarda arı məhsullarına xarici ölkələrdən də sifarişlər gəlir VİDEO
Biləsuvar, 17 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Bölgələrdə arıçılığın inkişafı üçün geniş imkanlar yaradılıb. Bu qayğının nəticəsidir ki, artıq Biləsuvarda arının ən güclü və müalicəvi məhsulu olan süd istehsalına da başlanılıb.
AZƏRTAC xəbər verir ki, son illər dövlətin bu sahəyə dəstəyi arıçılığın inkişafına təkan verib. Hazırda təkcə Biləsuvarda 100-lərlə kənd sakini arıçılıqla məşğuldur, arı ailələrinin sayı isə 3 mini ötüb. Rayonun Əmənkənd kəndində uzun illərdir ailə təsərrüfatında arı bəsləyən və bu xidmətlərinə görə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Hikmət Əliyev bu ildən təsərrüfatında arı südünün geniş istehsalını planlaşdırır: “Arı südü istehsalını artırmaq istəyirik. Məlumat üçün deyim ki, 20 gün ərzində təxminən 3 kiloqram yarım süd istehsal etdik. Baxmayaraq ki, bu çox azdır. Azərbaycanda arı südünə tələbat çoxdur. Xarici ölkələrdən sifarişlər gəlir və daha çox ərəb ölkələri maraq göstərir. Yaxın gələcəkdə Azərbaycanın tam olaraq arı südünə olan tələbatını ödəmək istəyirik”.
Yapon alimlərinin araşdırmalarına görə, insanı sağlam saxlayan və ömrünü uzadan, genetik deformasiyalarda əvəzsiz müalicəvi rolu olan arı südü keyfiyyətinə görə 1 kiloqramı 500 kiloqram balı əvəz edir. 25 günlük süd istehsalı prosesində hər gün 150-200 qram arı südü toplandığını deyən Hikmət Əliyev arı ailələrinin sayını artırmaqla yaxın gələcəkdə bu sahənin inkişafını qarşıya məqsəd qoyub: “Bal süzümünə başlamışıq. Birinci süzüm həyata keçirilir. Əsas süzüm isə iyul ayının axırlarında olacaq. Süzüm üçün daha müasir avadanlıqlardan istifadə edirik. Bal süzüləndən sonra çənlərə vurulacaq. Sonda balın daha təmiz və qatı hissəsi qablara doldurulacaq. Həmin bu baldan satış üçün daha xalis və keyfiyyətli hissəsi ayrılacaq”.
Arıçı Zəbərcət Əliyeva arı südünün yığılma prosesi barədə danışaraq deyib: “Arı südü yığmaq üçün əvvəlcə bir günlük sürfə blanklara köçürülərək anasız yeşiyə qoyulur. Üç gündən sonra bu şəkildə olur. Bunu götürüb şanlarını və sürfələrini yığaraq arı südünü xüsusi qablaşdıraraq soyuducuya qoyuruq. Burada dondurub saxlayırıq və bunun da saxlama müddəti bir il yarımdır”.
Biləsuvar DAİM-dən verilən məlumata görə, ötən il arıçılıqla məşğul olan subyektlərə 24 min manata yaxın subsidiya verilib. Arı ailələrindən toplanan 36 ton xalis çəkidə baldan 600 min manata yaxın gəlir əldə ediblər. Hazırda aparılan monitorinqlərin nəticəsi olaraq, builki subsidiya ödənişləri arıçıların fermer kartlarına köçürüləcək.