CƏMİYYƏT
Biləsuvarda yanğın təhlükəli iaşə obyektinin xidmətləri məhdudlaşdırılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Biləsuvar rayonu ərazisində, Bəhrəmtəpə yolunun yaxınlığında yerləşən iaşə obyektində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.
Belə ki, obyektin layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb, tərtib olunmuş layihəyə uyğun inşa olunmayıb, iaşə obyektinə məxsus tikililərin yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinin yeraltı yanacaq çənləri ilə ara məsafəsi normalara uyğun olaraq 25 metr əvəzinə 3 metr təşkil edir. İlkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıqlarla təmin edilməyib, otaqlarda qurulmuş yanğınxəbərverici siqnalizasiya sistemi işlək və saz vəziyyətdə deyil, normalara uyğun detektorlarla təmin edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkarlanmış Biləsuvar rayonu ərazisində, Bəhrəmtəpə yolunun yaxınlığındakı iaşə obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə qərar qəbul olunub. Həmin qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.