Binəqədi rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). İyirmi Yanvar faciəsinin ildönümü ilə əlaqədar Binəqədi rayonunda da silsilə tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri yanvarın 17-də Binəqədi Rayon İcra Hakimiyyətində təşkil olunmuşdur.
Mərasimdə çıxış edən icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləmişdir. Bu hadisənin həm də Azərbaycan tarixinə yazılmış şanlı səhifə olduğunu deyən Xaləddin İsgəndərov SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsini zorakılıq üzərində qurulmuş bir imperiyanın xalqımızın əzmkarlığı və iradəsi qarşısında mənəvi cəhətdən gücsüz olduğunu vurğulamışdır. Bildirilmişdir ki, həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, siyasi səbatsızlığı ucbatından hər hansı qiymət verilməyən bu hadisə məhz ümummilli lider Heydər Əliyevin sayəsində dünya ictimaiyyətinə çatdırılmışdır. Ulu Öndər onu gözləyən bütün təhlükələrə baxmayaraq, əsl vətəndaşlıq nümunəsi göstərərək bu ağır gündə xalqının yanında olmuş, Sovet İttifaqının dinc insanlara qarşı törətdiyi qırğını qətiyyətlə pisləmişdir.
Tədbirin bədii hissəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Daha sonra 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmiş, onlara maddi yardım verilmişdir.
Binəqədi rayonunda daha bir tədbir Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Güllə yağışı” abidəsinin önündə keçirilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva Azərbaycanın azadlığı uğrunda şəhid olan faciə qurbanlarının öz qanları ilə tariximizə əbədiyyət salnaməsi yazdığını demişdir.
Silsilə tədbirlərin davamı olaraq 20 Yanvar şəhidi Rüstəm Əliyevin adını daşıyan Binəqədi rayonu, 3 nömrəli tam orta məktəbdə, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda faciə qurbanlarının xatirəsi anılmışdır.