CƏMİYYƏT
Binəqədi rayonunda karantin rejimi qaydalarını pozan şəxslər cərimələniblər
Bakı, 7 iyul, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İdarənin, Binəqədi Rayon Polis İdarəsinin və 6-cı polis bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində “Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 17 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimələniblər.