Binəqədidə 82 nəfərdən 30 kiloqram narkotik vasitə aşkar edilib VİDEO
Bakı, 5 sentyabr, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər zamanı ümumilikdə 82 nəfər saxlanılıb.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərdən 30 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Araşdırma zamanı müəyyən olunub ki, onlardan bəziləri əvvəllər narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Saxlanılanların bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Aşkar edilmiş faktlarla bağlı idarənin İstintaq Şöbəsində araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.