“Bir damla qan, min ümidə can” devizi ilə qanvermə aksiyası təşkil olunub
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, “Bir damla qan, min ümidə can” devizi ilə baş tutan aksiya Bakı şəhəri üzrə “Bakı KOB evi”, Respublika Qan Bankı və “Məlhəm Beynəlxalq Hospital”da təşkil olunub. Tədbirə qoşulan sahibkarlar və şirkət əməkdaşları, eləcə də KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri qan veriblər. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Artıq ikinci dəfə təşkil olunan aksiya bu il daha geniş miqyasda baş tutub. Belə ki, qanvermə aksiyası sentyabrın 25-26-da Bakı ilə yanaşı, Şəki, Lənkəran və Xaçmazda da təşkil olunub.
Aksiyada ümumilikdə Bakı və regionlar daxil olmaqla 800-ə yaxın şəxs qan verib. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Xatırladaq ki, ötən il aksiya çərçivəsində 500-ə yaxın şəxs qan vermişdi.