BİRGƏ FƏALİYYƏT PROQRAMLARINDAN SÖHBƏT GETMİŞDİR
Hər iki iclasda aprel sessiyasına hazırlıq, gündəliyin təsdiqi və digər məsələlər müzakirəyə çıxarılmışdır.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə iclaslar barədə məlumat verərək bildirmişdir ki, büro və komitənin gündəliyinə birbaşa Azərbaycanla bağlı məsələ çıxarılmamışdır. Amma hər iki yığıncaqda AŞ-nın ölkəmizlə birgə əməkdaşlıq proqramlarının əhəmiyyətindən və onun daha yüksək səviyyədə həyata keçirilməsindən söhbət açılmışdır. Bu proqramlarda AŞ ilə Azərbaycan arasında birgə layihələrin təşkil olunmasında qurumun deputatlarının, əməkdaşlarının və Azərbaycan tərəfindən isə təşkilatların, deputatların birgə səmərəli fəaliyyət göstərmələrindən söhbət gedir. Onlar həm də bu beynəlxalq qurumla respublikamız arasında hərtərəfli əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıyır. Yığıncaqlarda bir çox məsələlərlə yanaşı, beynəlxalq terrorizmlə mübarizə məsələsi yenidən qabardılmış və ölkəmizin qonşu Ermənistan tərəfindən dəfələrlə terror aktlarına məruz qaldığı, terrordan əziyyət çəkən dövlət olduğu deputatların diqqətinə çatdırılmışdır.
Bunlarla bərabər, AŞPA-nın aprel sessiyasına hazırlıq məsələsi də müzakirə edilmişdir. Gündəlik hazır olmadığından onun büro və daimi komitənin aprel ayının 6-da İstanbulda keçiriləcək növbəti iclaslarında müzakirəsini keçirmək qərara alınmışdır.