Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri müəyyən edilmişdir
Bakı, 4 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz ki, “Four Season” otelində Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. Mədəniyyət və Turizm Nazirliyinin və Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, müsabiqənin “İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyasında birinci dərəcəli mükafat Rodriges Rebelo Kamilo və Tiago Pimentel Pedronun birgə hazırladıqları “Koa İncəsənət və Arxeologiya Muzeyi” layihəsinə (Portuqaliya) verilmişdir. Nominasiyanın ikinci dərəcəli mükafatına Valentini Sergio Jahnın “Mansueto Kitabxanası” (ABŞ), üçüncü dərəcəli mükafatına isə Tierri Şambon, Maksim Repaö və Frederik Roustan birgə müəllifi olduqları “Fransanın Valensiya şəhərində yerləşən İctimai Mədəniyyət Mərkəzi” layihəsi (Fransa) layiq görülmüşdür.
Müsabiqənin “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyasında birinci dərəcəli mükafatı Arnod Lakostenim “D” evi layihəsi (Fransa) qazanmışdır. Müvafiq nominasiyada ikinci yeri Kenji İdo “Tamatsuda inşa edilmiş ev” (Yaponiya), üçüncü yerə isə Nəriman İmaməliyevin “Şüvəlan qəsəbəsində villa “Oskar” layihəsi (Azərbaycan) qazanmışdır.
“Həyata keçirilmiş ən yaxşı interyer” nominasiyasında birincilik Kim Kidaka “Bay Bay Bornsayd” (ABŞ), ikinci yer Yaroslav Usovun “Antonovka qəsəbəsində bağ evi” (Rusiya Federasiyası), üçüncü yer isə Rəhim Seyfullayevin “Bakıda Gənclər Teatrının interyeri” (Azərbaycan) layihəsinə verilmişdir.
“Həyata keçirilməmiş ən yaxşı layihə” nominasiyasında ikinci dərəcəli mükafat Zaur Qafarova “Multimedia mərkəzinin layihə təklifi” (Azərbaycan), Patrik Kollierə “Bioklimatik evlər” (Mərakeş Krallığı), Nikolay Limə Tayvanda “Qaosyun şəhərində dəniz mədəniyyəti və pop-musiqi Mərkəzi” layihələrinə görə (Rusiya Federasiyası) təqdim edilmişdir.
“Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyasında birinci dərəcəli mükafata Znidarsik Aves “Bled gölü sahilində yerləşən avarçəkmə mərkəzində tamaşaçılar üçün kürsü” layihəsinə görə (Sloveniya), ikinci yerə Rako Goran “Visedol Arxeoloji Muzeyi” (Xorvatiya), üçüncü yerə isə Silva Raulino Rikardo “Təchizat” layihəsinə görə (Portuqaliya) layiq görülmüşlər.
“Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyasında birinci yer Kurdiani Zaxariyə “Tbilisidə funikulyorun yuxarı stansiyasının və “Mtasminda” restoranının rekonstruksiya layihəsi”nə (Gürcüstan) görə təqdim edilmişdir. Bu nominasiyada Rasim Babakişiyevin “İçərişəhərdə yaşayış evinin bərpası ilə “Şah Palace” otelinin regenerasiya” layihəsi (Azərbaycan) ikinci, Landolina Nazzarenayanın “Qarda gölünün sahilində villa” (İtaliya) layihəsi isə üçüncü olmuşdur.
“Memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyasında Şamil Fətullayev-Fiqarov “Abşeron memarlığı”, Rəna Əfəndizadə “Azərbaycan memarlığı XIX əsrin sonu - XXI əsrin əvvəli” kitablarına, İqor Voskresenskinin “Memarlıq. İnşaat. Dizayn” dərgisinə (Rusiya Federasiyası), Elçin Əliyev və İlqar İsbatovun birgə hazırladıqları “Bakı Dövlət Layihə İnstitutunun yubileyinə həsr olunmuş” kitabına, Azərbaycan Memarlar İttifaqı “Memar” analitik informasiya jurnalına görə mükafatlandırılmışlar.
Müsabiqənin mükafat fondu 52 min 500 manat, müvafiq olaraq 67 min ABŞ dollarından çox təşkil etmişdir. Birinci yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom və 4000 manat (5000 ABŞ dolları) dəyərində pul mükafatı, ikinci yerin sahibinə müvafiq nominasiyaya uyğun diplom və 2500 manat (3200 ABŞ dolları) dəyərində pul mükafatı, üçüncü yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom və 1000 manat (1400 ABŞ dolları) dəyərində pul mükafatı təqdim edilmişdir.
Qaliblərə həmçinin müsabiqənin rəmzi heykəlciyi və müsabiqəyə uyğun diplom təqdim olunmuşdur.