Birləşmiş Ərəb Əmirlikləri Sudan böhranı ilə bağlı bəyanat yayıb
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 19-da Sudanda və onun xaricində yaşayan Sudan xalqı 2018-ci ilin dekabr inqilabının 7-ci ildönümünü qeyd etdilər. İnqilab pisləşən iqtisadi və siyasi şərtlərə qarşı etiraz kimi başlayıb, Sudan xalqının məqsədlərinə nail olmaq istiqamətində dayanıqlığını və qətiyyətini təcəssüm etdirib. Təxminən 3 il davam edən faciəvi vətəndaş müharibəsindən, mülki keçid hökumətinin devrilməsindən 5 il sonra sudanlıların əsas arzuları müharibənin dərhal dayandırılması və ekstremizmdən, terrorizmdən, habelə əvvəlki rejimlərin dağıdıcı siyasətlərindən azad olmuş demokratik mülki dövlətin qurulmasına yönəlib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirlər Sudan böhranı ilə bağlı BƏƏ-nin mövqeyini əks etdirən Bəyanatda yer alıb.
Bəyanatda, həmçinin bildirilir:
“Birləşmiş Ərəb Əmirlikləri sarsılmaz mövqeyini bir daha təsdiqləyir:
1. Dərhal və qeyd-şərtsiz atəşkəs elan olunmalı;
2. Humanitar yardımın təcili, təhlükəsiz və maneəsiz şəkildə çatdırılması təmin edilməli;
3. Müharibə aparan tərəflərin heç biri tərəfindən nəzarət olunmayan, sudanlıların təhlükəsizliyə, sabitliyə və sülhə dair arzularını reallaşdıracaq mülki rəhbərlik tərəfindən müstəqil siyasi keçid həyata keçirilməli;
4. Sudan xalqının maraqlarını ali prioritet hesab edən və ABŞ-ın rəhbəri olduğu Kvartetlə (Quad) birgə işləmək öhdəliyi yerinə yetirilməlidir”.
Məlumatda qeyd olunub ki, Afrika İttifaqı Port Sudan Administrasiyasının (PSA) legitimliyini tanımır.
Diqqətə çatdırılıb ki, BƏƏ-nin səyləri hər zaman ilk növbədə humanitar xarakter daşıyıb Bu dağıdıcı vətəndaş müharibəsi dövründə BƏƏ Sudan xalqına qarşı hər iki vuruşan tərəfin - həm PSA-nın, həm də Sürətli Dəstək Qüvvələrinin (Rapid Support Forces) hərəkətlərini qətiyyətlə pisləməyə davam edir və mülki şəxslərə qarşı törədilən zorakılığın, vəhşiliklərin dayandırılması üçün birləşmiş regional və beynəlxalq səylərin vacibliyini vurğulayır.