Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Bayan” qəzeti Azərbaycanın Dubaydakı baş konsulunun müsahibəsini dərc edib
Bakı, 30 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu qəzetlərindən biri olan “Əl-Bayan”da Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadənin müsahibəsi dərc edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baş konsul müsahibəsində BƏƏ-nin Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyev ilə görüşündən bəhs edib. O, Azərbaycan ilə BƏƏ arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. Diplomat BƏƏ-nin 464,5 milyon dollar həcmində sərmayə yatırmaqla Azərbaycana ən çox investisiya qoyan beş ölkə arasında olduğunu vurğulayıb.
Pərviz İsmayılzadə Azərbaycanda əcnəbi iş adamları üçün yaradılmış əlverişli biznes mühitinin təzahürü olaraq işgüzar dairələr tərəfindən ölkəmizə marağın yüksək olmasını və Azərbaycanın investisiyaların qarşılıqlı qorunması haqqında 40-dan artıq ölkə ilə ikitərəfli müqavilələr imzaladığını diqqətə çatdırıb.
Azərbaycanın dünya əhəmiyyətli mötəbər tədbirlərə ev sahibliyi etməsindən danışan Pərviz İsmayılzadə Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında da söhbət açıb. O, 6000-dən artıq idmançının iştirak edəcəyi Oyunlara hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını deyib.