Bişkekdə 20 Yanvar faciəsi ilə əlaqədar mərasim keçirilmişdir
Bişkek, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyi 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Tədbirdə diasporumuzun üzvləri, qardaş qırğız xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Mərasimdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmuş, Vətən uğrunda həlak olanların ruhuna dualar oxunmuşdur.
Səfirliyimizin müşaviri İlqar Cabbarov sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklər və faciənin səbəbləri haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, həmin gecə Bakıda 5,45 kalibrli zəhərli güllələrdən istifadə olunmuşdur. Bu isə bütün beynəlxalq konvensiyalara ziddir. İnsanları öldürəndən və yaralayandan bir gün sonra, keçmiş SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun Bakıda fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanı radio ilə əhaliyə çatdırılmışdır.
Tədbirdə çıxış edənlər keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov başda olmaqla faciənin bütün günahkarlarını ittiham etmişlər.
Mərasim iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı məlumatlar toplusu paylanılmışdır.
20 Yanvarla əlaqədar materiallar Qırğızıstanın Xarici İşlər Nazirliyinə və digər dövlət qurumlarına, KİV-lərə göndərilmişdir.
Bişkekdəki “Manas” televiziya kanalında 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek