“Bitki sağlamlığı haqqında” Qanun layihəsi ilə bağlı növbəti ictimai müzakirə keçirilib
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalatçıları və İdxalatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birlikdə ictimai müzakirəsi təşkil edilib.
AQTA rəsmisi Elxan Mikayılov qeyd edib ki, yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsəd ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsidir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihəyə əsasən, ölkə üzrə Bitki Sağlamlığı Reyestrinin yaradılması və bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlərin və onların obyektlərinin də həmin reyestrə daxil edilməsi nəzərdə tutulur.
Bildirilib ki, Qanun layihəsində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı, istehsalı, qablaşdırılması, etiketlənməsi, idxalı, ixracı, təkrar ixracı və dövriyyəsi ilə əlaqədar yeni müddəalar öz əksini tapıb, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istifadəsinə və qalıq miqdarına dövlət nəzarəti ilə bağlı xüsusi tələblər müəyyən edilib.
Ümumilikdə, Qanun layihəsi çərçivəsində əhalinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində zərərli orqanizmlərlə mübarizə zamanı kimyəvi mübarizəyə alternativ daha təhlükəsiz mübarizə üsullarının, xüsusilə də inteqrir mübarizənin tətbiqinə üstünlük verilməsi, bitki mühafizə vasitələrindən son həll yolu kimi istifadə edilməsi öz əksini tapıb.
Görüşdə sahibkarların yeni Qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.