Biz coğrafiyanı sevirik - seminar məşğələ
Bakı, 12 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmi işçilər və Xırdalan şəhəri, Veysəl Müsibov adına 5 nömrəli tam orta məktəbin şagirdləri arasında görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə məktəblilər AMEA-nın elmi müəssisələrinin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Sonra “Biz coğrafiyanı sevirik” mövzusunda seminar məşğələ keçirilib. Tədbirdə institutun Həmkarlar Təşkilatının sədri, coğrafıya üzrə fəlsəfə doktoru, dosent Habil Haqverdiyev coğrafiyanın əhəmiyyəti, bu elmin inkişafında böyük rol oynamış alimlər və müxtəlif vaxtlarda instituta rəhbərlik etmiş coğrafiyaçıların fəaliyyəti haqqında danışıb.
Məktəblilər mövzu ilə bağlı hazırladıqları kompozisiyanı nümayiş etdiriblər.
İnstitutun icraçı direktoru vəzifəsini icra edən, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani coğrafiyanın müasir problemləri haqqında məlumat verdikdən sonra, “Azərbaycanın qorunan əraziləri - Milli parklar” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə fəal iştirak edən və şagirdlərdə coğrafiya elminə maraq oyadan əməkdaşlara təşəkkürnamə təqdim edilib.