BMT-nin CEDAW Komitəsinin tövsiyələri: gender bərabərliyi istiqamətində mövcud vəziyyət və perspektivlər
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gender məsul şəxslər üçün “BMT-nin CEDAW Komitəsinin tövsiyələri: gender bərabərliyi istiqamətində mövcud vəziyyət və perspektivlər" mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış nitqi ilə çıxış edən komitə sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə 2006-cı ildə "Gender (kişi, qadın) bərabərliyinin təminatları haqqında" Qanun qəbul olunduqdan sonra Komitə tərəfindən hər il Milli Məclis qarşısında hesabat təqdim edildiyini deyib.
Bildirilib ki, ölkədə gender məsələləri ilə bağlı vəziyyəti təhlil etmək üçün müəyyən nazirliklərə, komitələrə və bir sıra şirkətlərə müraciət olunur və artıq müəyyən dövlət qurumlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilib. Diqqətə çatdırılıb ki, üç gün ərzində gender məsələləri üzrə məsul şəxslərlə keçiriləcək təlim gələcəkdə müvafiq məsələ ilə bağlı daha dolğun məlumatların alınmasına töhfə vermək məqsədi daşıyır.
Təlimdə, həmçinin gender bərabərliyi üzrə məsul şəxslərin şəbəkələşməsini hədəfləyən “genderazerbaijan.com” saytından istifadə qaydaları və müvafiq elektron açarların paylanılması həyata keçirilib.
Tədbir çərçivəsində iştirakçılara təlimçi Xalisə Şehverdiyeva tərəfindən “Gender bərabərliyi” dərsliyi, “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” haqqında məlumat verilib və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW Komitəsi) bütün ölkələrə müvafiq tövsiyələrini əks etdirən Tövsiyə sənədi barədə gender məsul şəxsləri məlumatlandırmaq, onları bir daha müvafiq sahədə əməkdaşlığa və tövsiyələrin həyata keçirilməsinə töhfə verməyə dəvət etməkdir.