BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasını davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin çərçivədə BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva da kampaniyaya qoşulub.
O, agentliyin “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına dəstək olaraq etdiyi videomüraciətdə vurğulayıb ki, şəkərin normadan artıq qəbul olunması insanların sağlamlığı üçün təhlükə yaradır və müxtəlif xəstəliklərə səbəb olur. Ona görə də hər kəs şəkər və tərkibində şəkər olan məhsullar qəbul edərkən diqqətli olmalıdır. Şəkərli içkilər - sərin su, şirniyyatlar - meyvə ilə əvəzlənməli və başqa müvafiq addımlar atılmalıdır. Şəkər qəbulunun azaldılmasının insan sağlamlığına müsbət təsir göstərdiyini önə çəkən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi hər kəsi bu kampaniyaya qoşulmağa, istehlak edilən şəkərin miqdarını azaltmağa, daha sağlam və təhlükəsiz yaşamağa səsləyib.
Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.