BMT TƏHLÜKƏSİZLİK ŞURASI ÇARLZ TEYLORU HAAQA MƏHKƏMƏSİNƏ VERMİŞDİR
BMT TŞ qərara almışdır ki, Teylorun Syerra-Leonedə bundan sonra qalması regionda sabitlik və təhlükəsizlik üçün qorxu törədir. BMT-nin baş katibi Kofi Annana tapşırılmışdır ki, keçmiş diktatorun Haaqa məhkəməsinə verilməsi ilə bağlı bütün hüquqi və praktik məsələləri həll etsin.
BMT Təhlükəsizlik Şurası qətnaməsinin layihəsini Böyük Britaniya hazırlamışdır. Bundan əvvəl Britaniya hökuməti bildirmişdi ki, Teylor barəsində ittiham hökmü çıxarıldığı təqdirdə, onun Böyük Britaniya həbsxanalarından birində saxlanılmasına razıdır. Hollandiya elan etmişdir ki, sabiq Liberiya başçısı məhkəmədən dərhal sonra ölkədən gedərsə, onun məhkəməsini Haaqada keçirməyə hazırdır.
Teylor hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilir. Keçmiş diktatora qarşı 11 maddədən ibarət ittihamlar irəli sürülmüşdür. Onun 1989-cu ildən 2003-cü ilədək hakimiyyəti dövründə vətəndaş müharibələri nəticəsində Liberiyada 400 mindən çox insan həlak olmuşdur.