Bolnisi sakinləri uşaqların əmək hüquqlarına dair maarifləndiriliblər
Tbilisi, 16 aprel, AZƏRTAC
Bolnisi şəhərində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Gürcüstan Xalq Müdafiəçisi (Ombudsman) Aparatının əməkdaşlarının iştirakı ilə “Gürcüstanda uşaqların əmək hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstanda uşaq əməyinin mövcud vəziyyəti, 16 yaşadək və 16–18 yaş aralığında olan uşaqların əmək hüquqları, onların müxtəlif sahələrdə – idman, reklam və mədəni tədbirlərdə iştirakı ilə bağlı hüquqi normalar, eləcə də məktəblərdə uşaqlara münasibətdə davranış qaydaları barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, ölkə qanunvericiliyinə əsasən, 16 yaşadək uşaqlar gündə maksimum 4 saat işləyə bilərlər (istirahət müddəti nəzərə alınmaqla), 16–18 yaş aralığında olan uşaqlar isə gündə 6 saatdan artıq işləyə bilməz və onların həftəlik iş saatı 36 saatı keçməməlidir.
Həmçinin tədbir çərçivəsində Ombudsman Aparatı tərəfindən hazırlanmış uşaq əməyinə dair bukletlər paylanıb.