Bolqarıstan ictimaiyyəti 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə ətraflı məlumatlandırılmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Sofiyadakı səfirliyinin təşəbbüsü ilə Bolqarıstanın nüfuzlu “24 saat”, “Duma” qəzetlərində, “Fokus”, “Cross” informasiya agentliklərində, Sofiya Ticarət və Sənaye Palatasının internet saytında 20 Yanvar faciəsi ilə bağlı məlumatlar dərc etdirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, yazılarda Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 Yanvar hadisələrindən 22 il keçməsindən, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu faciənin respublikamızda hər il ümumxalq hüzn günü kimi qeyd edilməsindən danışılır. Bildirilir ki, hər il yanvarın 20-də Azərbaycanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndəliklərinin təmsilçiləri, sadə vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edirlər.
Yazılarda faciə barəsində ətraflı danışılaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası tərəfindən Azərbaycanda kommunist rejimini saxlamaq, xalqın milli azadlıq hərəkatını boğmaq, ərazi bütövlüyünü qorumaq uğrunda mübarizə əzmini məhv edib sındırmaq məqsədi ilə xüsusi hərbi birləşmələri, zirehli texnikanı ölkəmizin azadlığı uğrunda küçələrə çıxan geniş xalq kütləsinə, silahsız, dinc əhaliyə, o cümlədən yaşlılara, qadınlara, uşaqlara qarşı yeridərək xüsusi qəddarlıqla qətllər törədilməsindən söhbət açılır. Qeyd edilir ki, imperiya tərəfindən törədilən bu qanlı terror aktı xalqın iradəsini qıra bilmədi. Xalqının azadlığını və ölkəsinin müstəqilliyini hər şeydən uca tutan yüzlərlə insan canından keçərək şəhidlik zirvəsinə yüksəldi. Həmçinin yazılarda ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsinin yaddaşlardan silinməyəcəyindən bəhs edilmişdir.
Bununla yanaşı, Azərbaycan səfirliyi tərəfindən 20 Yanvar faciəsi ilə bağlı mətbuat məlumatı hazırlanaraq Bolqarıstanın dövlət və özəl strukturlarına, ölkədə akkreditə olunmuş diplomatik korpusa və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.
Eyni zamanda, 20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyində anma mərasimi keçirilmişdir. Səfir E.Kərimov mərasimdə iştirak edən Bolqarıstan ictimaiyyətinin nümayəndələrinə, həmvətənlərimizə 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermişdir. Səfir faciəyə yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə siyasi-hüquqi qiymət verildiyini bildirərək ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulamışdır.