Bolqarıstanda yeni hökumətin qurulması imkanı azalır və növbədənkənar seçkilər ehtimalı artır
Bakı, 12 yanvar, AZƏRTAC
Bolqarıstanın ən böyük parlament qrupu olan mərkəz-sağçı GERB-SDS yanvarın 12-də ölkə Prezidentinin yeni hökumət qurmaq cəhdi ilə bağlı tələbini rədd edib və bu, Avropa İttifaqının ən yoxsul dövlətində növbədənkənar seçkilərin keçirilməsi ehtimalını artırıb.
GERB-SDS tərəfindən dəstəklənən Baş nazir Rosen Jelyazkovun koalisiya hökuməti dövlət korrupsiyasına və bəzi vergiləri artıracaq yeni büdcəyə qarşı həftələrlə davam edən küçə etirazlarından sonra ötən ay istefa vermişdi.
AZƏRTAC yerli BTA agentliyinə istinadla xəbər verir ki, Bolqarıstan Prezidenti Rumen Radev bazar ertəsi günü Konstitusiyaya uyğun olaraq Jelyazkovdan yeni koalisiya qurmağa çalışmasını rəsmi olaraq istəyib. Lakin Baş nazir parlamentdə sabit çoxluq yaratmaq üçün kifayət qədər dəstəyə malik olmadığı üçün mandatı dərhal geri qaytarıb.
Radevin indi ikinci ən böyük qruplaşma olan islahatçı PP-DB-yə hökumət qurmaq şansı verəcəyi gözlənilir, lakin onun da təklifi rədd etməsi ehtimalı var. Daha sonra Radev mandatı seçdiyi partiyaya təhvil verəcək. Heç bir qrup parlament çoxluğunu təmin edə bilməsə, o, parlamenti buraxacaq və Bolqarıstanda cəmi dörd ildə səkkizinci növbədənkənar seçki təyin edəcək.
Siyasi qeyri-müəyyənliyə baxmayaraq, Bolqarıstan planlaşdırıldığı kimi yanvarın 1-də avro zonasına qoşulub. Lakin Aİ vəsaitlərinin çökən infrastruktura cəlb edilməsini sürətləndirmək, xarici investisiyaları təşviq etmək və geniş yayılmış dövlət korrupsiyasının kökünü kəsmək üçün ölkənin siyasi sabitliyə ehtiyacı var.
GERB-SDS koalisiyası sonuncu seçkiləri 2024-cü ilin oktyabrında qazanıb, amma aylarla davam edən danışıqlardan sonra yalnız 2025-ci ilin yanvarında hakimiyyətə gəlib və bölünmüş qanunverici orqandakı digər partiyaların dəstəyinə ehtiyac duyur.