BÖYÜK BRİTANİYA AZƏRBAYCANLA HƏRBİ ƏMƏKDAŞLIĞIN İSTİQAMƏTLƏRİNİ MÜƏYYƏNLƏŞDİRƏCƏKDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonağı salamlayan nazir demişdir ki, Böyük Britaniya Azərbaycanın dənizdə enerji ehtiyatlarının kəşfiyyatını və istismarını dəstəkləyən ilk dövlətlərdəndir. Bu əməkdaşlığın uğurlu nəticəsi kimi gələn ilin əvvəllərində Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan nefti Avropaya nəql ediləcəkdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyətin gərgin olduğunu səfirin diqqətinə çatdıraraq, işğalçı Ermənistanın təcavüzkar siyasət yeritdiyini və Azərbaycana ərazi iddialarından əl çəkmədiyini qeyd edərək demişdir: “Ermənistan Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnamənin və Təhlükəsizlik Şurası sədrinin bəyanatının tələblərini yerinə yetirməmişdir. Beynəlxalq ictimaiyyət məsələnin həllinə maraq göstərmir. İnanırıq ki, Böyük Britaniya Ermənistanın işğalçı dövlət olduğunu açıq şəkildə bildirəcək və ondan Azərbaycan torpaqlarını boşaltmağı tələb edəcəkdir. Bu münaqişənin həll edilməməsi Azərbaycanın enerji ehtiyatlarının istismarına və Avropaya nəqlinə böyük təhlükədir. Münaqişə həll olunmadıqca, Ermənistan və Azərbaycan arasında döyüş əməliyyatlarının başlanması təhlükəsi artacaqdır”.
Səfir L.Bristou qəbul üçün müdafiə nazirinə təşəkkür etmiş və Azərbaycana səfir təyin olunduğundan çox məmnun qaldığını söyləmişdir. Çünki Azərbaycan füsunkar və ecazkar bir ölkədir. O demişdir: “Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Azərbaycanda bütün sahələrdə inkişafın ləng getməsinə təsir edir. Mənim dövlətim BMT-nin daimi üzvü kimi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltması haqqında qəbul etdiyi 4 qətnamənin müddəalarını dəstəkləyir. Böyük Britaniya dövləti Azərbaycanın 1 milyondan artıq vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına dünya ictimaiyyətinin diqqətini cəlb etməyə həmişə çalışmış və onlara müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə yardım göstərmişdir”.
Sonra tərəflər Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələsinə toxunmuşlar.
Səfir L.Bristou qeyd etmişdir ki, Azərbaycanın Müdafiə Nazirliyində ingilis dili kursları fəaliyyət göstərir. Hazırda iki dövlətin Müdafiə Nazirlikləri arasında Anlaşma Memorandumuna dair müzakirələr davam etdirilir. Tezliklə bu memorandumun hazırlanması tamamlanacaq və Azərbaycan Müdafiə Nazirliyinə təqdim ediləcəkdir. Biz hərbi əməkdaşlığın istiqamətlərini müəyyənləşdirəcəyik.
General-polkovnik S.Əbiyev demişdir ki, Azərbaycan NATO ilə “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində sıx əməkdaşlıq edir. Hazırda biz NATO ilə Tərəfdaşlığın Fərdi Fəaliyyət Planı üzərində işləyirik. Bu plan tezliklə tamamlanacaqdır və əməkdaşlığımız yüksək səviyyədə davam edəcəkdir.
Sonra tərəflər Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın müxtəlif istiqamətləri haqqında fikir mübadiləsi etmişlər.