Böyük Britaniya hökuməti sığınacaq siyasətində genişmiqyaslı islahatlar elan edib
London, 17 noyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti ölkənin sığınacaq və qaçqınların geri qaytarılma siyasətində ciddi dəyişiklikləri nəzərdə tutan yeni islahat paketini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi bu gün Nizam və Nəzarətin Bərpası adlı yeni siyasət sənədini dərc edib. Nazir Şabana Mahmud Bildirib ki, mənsub olduğu ölkədə təhlükəsiz hesab edilən şəxslərin sığınacaq müraciətləri qəbul olunmayacaq və onlar geri göndəriləcək. Bundan başqa, mühafizə statusu alanların böyük əksəriyyəti yalnız 20 ildən sonra Böyük Britaniyada daimi yaşayış üçün müraciət hüququ əldə edəcəklər. Rədd edilmiş müraciətlərlə bağlı deportasiya proseslərinin sürətləndirilməsi də planlaşdırılır. Ş. Mahmud, həmçinin xəbərdarlıq edib ki, deportasiya prosedurlarında əməkdaşlıq etməyən üç Afrika ölkəsinin vətəndaşlarına viza verilməsi dayandırıla bilər.
“Hazırda 100 mindən çox insan vergi ödəyicilərinin hesabına sığınacaqlarda yaşayır. Bir çox qaçqınlar mühafizə statusu aldıqdan illər sonra belə iş tapmır və sosial təminatdan asılı qalır. Bu vəziyyət dəyişməlidir”,- deyə nazir açıqlayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London