DÜNYA
Böyük Britaniya parlamenti yaxınlığında atışma: ölən və yaralananlar var YENİLƏNİB VİDEO
Bakı, 22 mart, AZƏRTAC
Böyük Britaniyanın parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində ölən və yaralananlar var.
AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, hadisə şahidləri silahlı şəxsin maşınını insanların üzərinə sürməsi nəticəsində 1 nəfərin öldüyünü, 10-dan çox insanın yaralandığını bildirirlər. Sonra maşın parlament binasını əhatə edən barmaqlıqlara çırpılıb.
Silahlı şəxs maşından insanların üzərinə atəş açıb.
Daha sonra o bıçaqla polislərin üzərinə hücum edib. Nəticədə polis onu vuraraq öldürüb.
Polis hadisəni terror hadisəsi elan edib.
BBC-nin verdiyi məlumata görə, Britaniya parlamentinin icmalar palatasının lideri David Lidington parlamentin həyətində polis zabitinin bıçaqlandığını deyib.
Hazırda parlament bağlanıb. Parlament işçilərinə içəridə qalmalarına əmr verildiyi bildirilir.
“The Independent” qəzetinin siyasi redaktoru Tom Peck Twitter-də yazıb: "Böyük partlayış səsi gəldi. Qışqırıqlar. Səs küy. Sonra isə atəş səsi. Hər yerdə silahlı polislər var".
Baş nazir Tereza Mey hadisə yerindən uzaqlaşdırılıb.