“Böyük Qayıdış”a sağlamlıq dəstəyi - Füzulidə tibbi aksiya keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti belə aksiya bu gün Füzuli şəhərində keçirilib. Nazirliyin təşkilatçılığı ilə akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim briqadası yerli əhali üçün tibbi müayinələr və konsultasiyalar təşkil edib.
Aksiyanın əsas məqsədi müxtəlif cərrahi və terapevtik patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin aparılması və vətəndaşlara konsultativ tibbi xidmətlərin göstərilməsi olub.
Cərrah qastroenteroloqlar, damar və endokrin cərrahı, kardiocərrah, terapevt qastroenteroloq, nefroloq və digər ixtisaslı mütəxəssislərin yer aldığı tibb heyəti tərəfindən əhaliyə tibbi baxış keçirilib, elektrokardioqrafiya (EKQ) və digər diaqnostik müayinələr aparılıb.
Ümumilikdə aksiya müddətində 170 nəfərə yaxın vətəndaş tibbi müayinədən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış”a dəstək məqsədilə işğaldan azad olunmuş digər bölgələrdə də tibbi və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.