Brakonyerlər Şirvan Milli Parkının əməkdaşına atəş açaraq onu yaralayıblar
Bakı, 31 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının ərazisinə brakonyerlərin daxil olması barədə əldə edilmiş məlumat əsasında martın 30-da saat 22:10 radələrində milli parkın əməkdaşları əməliyyat tədbirləri keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, keçirilən əməliyyat zamanı milli parkın 1 saylı sahəsinin 5 saylı postunun ərazisində qanunsuz yolla ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib. Əməliyyat tədbirləri zamanı brakonyerlər parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və onlardan biri xidməti vəzifəsini yerinə yetirən Şirvan Milli Parkının sahə müfəttişi İltifat Xalıqova bilərəkdən ov tüfəngindən atəş açıb. Nəticədə sahə müfəttişi qarın nahiyəsindən yaralanıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində brakonyerlərdən birini milli parkın əməkdaşları saxlayıblar, digəri, sahə müfəttişini yaralayan qanun pozucusu isə gecə saatları olduğundan ərazidən qaçıb.
Hadisə yerinə keçirilən baxış zamanı qanunsuz yolla ovlanmış 1 baş ceyran, 1 bıçaq, 1 fənər aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı müvafiq sənədləşmə işləri aparılıb.
Milli Parkın əməkdaşları saxlanılan brakonyeri rayon polis şöbəsinə təhvil verib. Digər qanun pozucusunun saxlanılması və müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə Şirvan Milli Parkı tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib.
Aparılan araşdırmalar nəticəsində saxlanılan qanun pozucusunun Hacıqabul rayonu Atbulaq kənd sakini İsrafilov Elvin Tərxan oğlu olduğu müəyyən edilib. Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində digər qanun pozucusu, E.İsrafilovun həmkəndlisi Ağayev Rahil Heybət oğlu da saxlanılıb.