Braziliyada Azərbaycanın Vətən müharibəsində şəhid olanların xatirəsi anılıb
Bakı, 16 noyabr, AZƏRTAC
Braziliyanın 100 minlik erməni icmasının əsas hissəsinin yaşadığı San-Paulu şəhərindəki kilsələrin birində Azərbaycanın bu ölkədəki dostlarının təşəbbüsü və səfirliyinin dəstəyi ilə işğal altındakı ərazilərimizin azadlığı uğrunda döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin və erməni terroruna məruz qalan mülki əhalinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
Ölkəmizin Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində kilsənin keşişi Azərbaycan hərbçilərinin ölkəmizin suverenliyi uğrunda müharibədə göstərdiyi qəhrəmanlıq və dinc azərbaycanlıların Ermənistanın hərbi təcavüzü nəticəsində çəkdikləri əzablar haqqında məlumatların əks olunduğu müraciəti oxuyub.
Azərbaycanın Braziliyadakı səfirliyi bu təşəbbüsə görə tədbir təşkilatçılarına minnətdarlıq üçün kilsəyə xatirə çələngi göndərib.