Britaniyada ahıllar evlərində personal çatışmazlığı təhlükəsi yaranıb
Bakı, 21 aprel, AZƏRTAC
Böyük Britaniya hökumətinin bu ölkədə miqrant işçilər üçün daimi yaşayış icazəsi almaq prosesini çətinləşdirmək planları hər üç işçidən birinin əcnəbi olduğu ahıllar evlərində personal çatışmazlığına səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, təklif olunan islahatlar ahıllar evi işçilərinin daimi yaşayış icazəsi almaq üçün 15 il gözləməli olacağını nəzərdə tutur. “Reuters” agentliyinin məlumatına görə, hazırkı beşillik qaydaya əsasən “ölkədə qalmaq üçün müddətsiz yaşayış hüququ” əldə etməyə yaxın olduqlarını düşünənlər də daxil olmaqla, bir çox miqrant hazırda Britaniyanı tərk edib-etməməyi düşünür.
Hökumət miqrasiya tempini azaltmaqla seçicilərin narahatlıqlarını həll etmək üçün addımlar atır. Məhz immiqrasiya ilə bağlı bu sərt ritorika Naycel Faracın populist “Böyük Britaniyada islahatlar” partiyasının bir ildən çoxdur ki, rəy sorğularında liderlik etməsinə kömək edib.
Ahıllara xidmət sektorundakı işəgötürənlər, eləcə də bəzi iqtisadçılar iddia edirlər ki, daimi yaşayış hüququ üçün 15 illik gözləmək Böyük Britaniyanı Avstraliya və ya Kanada kimi ölkələrə nisbətən daha az cəlbedici edəcək. Çünki həmin ölkələrdə əcnəbi işçilər iki və ya üç ildən sonra daimi yaşayış hüququ əldə edə bilərlər.
Lakin hökumət iddia edir ki, son illərdə səhiyyə və sosial xidmətlər sektorundakı boş yerləri doldurmaq üçün Böyük Britaniyaya köçən yüz minlərlə işçinin başqa yerə köçürülməsi çox baha başa gələcək və dövlət maliyyəsinə ağırlıq gətirəcək. Daimi yaşayış hüququ miqrantları vizanın yenilənməsi zərurətindən azad edir və onlara sosial müavinətlərə çıxış imkanı yaradır.
2022-2024-cü illər arasında təxminən 616 min işçi və onların ailə üzvləri Böyük Britaniyaya baxıcılar, tibb bacıları və həkimlər üçün xüsusi viza əsasında köçüblər. 2027-2029-cu illər arasında təxminən 384 min insanın daimi yaşayış hüququ alacağı gözlənilir.