Britaniyanın ticarət elçisi: Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıyıq - AÇIQLAMA
London, 5 mart, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunmuş ticarət elçisi Lord Con Alderdice Azərbaycanla mövcud uzunmüddətli münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
AZƏRTAC-ın London müxbirinə verdiyi məxsusi açıqlamada Lord Alderdice iki ölkə arasında əməkdaşlığın genişləndirilə biləcəyini deyib: “Böyük Britaniya hökumətinin Azərbaycanla əlaqələri inkişaf etdirməkdə çox maraqlı olduğuna heç bir şübhəm yoxdur. Artıq yaxşı münasibətlər mövcuddur, lakin mən Azərbaycan səfiri və digər həmkarlarla müzakirələr apararkən bəzi sahələrdə əməkdaşlığın daha da dərinləşdirilə biləcəyini gördüm. Məsələn, ali təhsil və səhiyyə sahələrində qarşılıqlı əməkdaşlıq imkanları var. Həm azərbaycanlıların Böyük Britaniyaya, həm də britaniyalıların Azərbaycana gələrək bu sahələrdə çalışması mümkündür”.
Lord Alderdice Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələrinə də məsul olduğunu bildirərək, Azərbaycanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Parlamentdə açılışı keçirilən Azərbaycanın Dostları Qrupunun fəaliyyətinə dəstək vermək üçün burada olmağımdan məmnunam və onların məsləhətinə vaxtaşırı ehtiyac duyacağamı düşünürəm”.
Yeni vəzifəyə təyin olunduğunu bildirən Lord Alderdice 2025-ci il üçün konkret prioritetlər barədə danışmağın hələ tez olduğunu qeyd edib: “Hazırda dünya mürəkkəb bir dövr yaşayır, Azərbaycan və ona qonşu ölkələr də çətin geosiyasi mühitdə yerləşir. Lakin bütün bu çətinliklərə baxmayaraq, qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırmalıyıq. Əgər Azərbaycan kimi sülhsevər tərəfdaşlarla daha səmərəli əməkdaşlıq yolları tapsaq, bu, hər iki tərəf üçün faydalı olacaq”.
O, Azərbaycanın bərpaolunan enerji keçidinə Böyük Britaniyanın necə dəstək verə biləcəyi məsələsinə də toxunub: “Bu, hökumətin xüsusilə irəliləyiş əldə etmək istədiyi sahələrdən biridir. Azərbaycanın neft-qaz sahəsində uzun və zəngin tarixi var və britaniyalı şirkətlər bu sahədə fəal iştirak ediblər. Lakin hazırkı hökumət bərpaolunan enerjinin inkişafına ciddi önəm verir. Bu, texnologiya, investisiya və elmi araşdırmalar tələb edir. Universitetlərdə tədqiqatların aparılması və bu araşdırmaların praktik texnologiyaya çevrilməsi bu istiqamətdə önəmli addımlardır və bu sahədə əməkdaşlıq üçün geniş imkanlar var”.
Yeni təyin olunmuş ticarət elçisi Azərbaycana səfər etməyi planlaşdırdığını, lakin dəqiq tarixlərin hələ müəyyənləşdirilmədiyini bildirib. Ölkəmizdə əvvəl olub-olmadığına gəlincə, Lord Alderdice Bakıya səfər etdiyini bildirib: “Bakıya gəlmişəm, lakin əksər insanlar kimi əsasən konfranslar çərçivəsində orada olmuşam. Ümid edirəm ki, növbəti səfərimdə bir neçə əlavə gün ayıraraq Azərbaycanın digər gözəl bölgələrini də ziyarət edə biləcəyəm”.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London