Brüsseldə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Paris, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Belçika Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 20-də səfirliyin dəstəyi ilə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir. Anma mərasimi müstəqillik uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəsi Emin Eyyubov Qanlı Yanvar hadisələrindən danışmış və bu tarixin hər bir azərbaycanlının yaddaşında daim yaşadığını, artıq bu gün müstəqil, güclü və inkişaf etmiş Azərbaycan dövlətinin qurulduğunu qeyd etmişdir.
Sonra Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı, səfir Xəzər İbrahim 20 Yanvarın təkcə faciə deyil, həm də qəhrəmanlıq tarixi olduğunu bildirmişdir. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi isə şəhidlərin uğrunda canlarından keçdiyi müstəqilliyimizin əbədi qorunmasının hər bir azərbaycanlının müqəddəs vəzifəsi olduğunu vurğulamışdır.
Mərasim Qanlı Yanvar hadisələrinə həsr edilmiş “Azadlığa gedən yollar” sənədli filminin nümayişi ilə davam etdirilmişdir. Tədbirdə diplomatlar, Azərbaycan və türk diasporunun təmsilçiləri, tələbələr və KİV nümayəndələri iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris