BRÜSSELDƏ AVROPA İTTİFAQI İLƏ AZƏRBAYCAN ARASINDA ENERJİ SAHƏSİNDƏ TƏRƏFDAŞLIQ MƏSƏLƏLƏRİ GENİŞ MÜZAKİRƏ EDİLMİŞDİR
Xatırladaq ki, Avropa Komissiyası bu ilin iyulunda Bakıda aparılmış danışıqlar zamanı Fəaliyyət Planının enerji hissəsinə yeni maddənin daxil olunmasını təklif etmişdi. Bu maddəyə əsasən, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulurdu. Sənəd Avropa Qonşuluq Siyasətinə daxil edilən, neft istehsalçısı və tranzit ölkə olan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsini və tərəflər arasında enerji sahəsində təhlükəsizliyin gücləndirilməsini əks etdirir. İndiyədək aparılmış danışıqlarda sənəd geniş müzakirə olunmuş, Azərbaycan tərəfinin təklifləri mətnə daxil edilmişdir.
Memorandum Azərbaycan Respublikası ilə Avropa İttifaqının enerji bazarlarının yaxınlaşması, enerji sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, struktur islahatlarının aparılması, ölkəmizin tranzit sistemləri və enerji təchizatı sahəsində təhlükəsizliyinin gücləndirilməsi, enerjiyə qənaət tədbirləri və texniki əməkdaşlıq kimi vacib istiqamətlərdə əməkdaşlığının qurulması üçün zəmin yaradacaqdır. Sənədə əsasən, Avropa İnvestisiya Bankının fəaliyyətinin Azərbaycanı əhatə etməsi də mümkündür.
Azərbaycan nümayəndə heyətinin Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında Fəaliyyət Planının layihəsi geniş müzakirə olunmuşdur. Bu plan Avropa Qonşuluq Siyasətinin əsas istiqamətlərini müəyyən edir. Belə ki, sənəddə Avropa İttifaqı ilə daha dərin iqtisadi inteqrasiya, intensiv siyasi və mədəni əlaqələr, geniş sərhədyanı əməkdaşlıq üçün konkret addımlar öz əksini tapmışdır. Eyni zamanda, hər iki tərəfin qənaətinə görə, Fəaliyyət Planı Azərbaycan Hökuməti tərəfindən növbəti illərdə həyata keçiriləcək genişmiqyaslı islahatları, siyasi, iqtisadi və qanunvericilik sahələrində Avropaya inteqrasiya meyillərini əhatə etməlidir.
İndiyədək 3 danışıq mərhələsi keçirilmiş, Fəaliyyət Planı layihəsinə dair Avropa Komissiyası ilə ümumi razılıq əldə olunmuşdur. Sənədə əsasən, İqtisadi İnkişaf Nazirliyi onun ticarət və iqtisadiyyat məsələlərinə aid hissəsi üzrə danışıqlara rəhbərlik edir. Digər istiqamətlər isə demokratik islahatları, enerji və nəqliyyat məsələlərini əhatə edir.
Brüsseldə keçirilmiş görüşlərdə tərəflərin mövqeləri bir daha dəqiqləşdirilmiş və sənədin tezliklə təsdiq olunması üçün əsas şərtlərin yerinə yetirildiyi vurğulanmışdır. Fəaliyyət Planına iqtisadi və sosial islahatlar, yoxsulluğun aradan qaldırılması və davamlı inkişaf, iqtisadi qanunvericiliyin və idarəetmə təcrübəsinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı tədbirlər daxildir.
Səfər çərçivəsində iqtisadi inkişaf naziri Heydər Babayev Avropa Komissiyasının yüksək rütbəli rəsmiləri ilə bir sıra işgüzar görüşlər keçirmişdir. Görüşlərdə Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektvləri müzakirə olunmuş, bazar iqtisadiyyatı prinsiplərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, tarazlı və davamlı iqtisadi inkişafın dəstəklənməsi, kənd ərazilərinin inkişafı, yoxsulluğun azaldılması və s. mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.