BSU-nun tələbələrinə Azərbaycanın dövlətçilik tarixində Cümhuriyyətin yerindən danışılıb
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Bakı Slavyan Universitetində (BSU) 28 May - Respublika Gününə həsr edilən tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə əklil qoyulub, Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Xanım Sultanova Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verib.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov “Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Cümhuriyyət hökumətinin beynəlxalq münasibətlər və xarici siyasət sahəsində gördüyü işlərdən danışılıb.
Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev Cümhuriyyət hökumətinin azərbaycanlı gənclərin təhsil alması üçün onları dövlət hesabına xarici ölkələrə göndərməsi barədə qəbul etdiyi qərardan söz açıb. Vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirilib.
Prezident İlham Əliyevin müasir dövrdə gənclərə göstərdiyi diqqət və qayğıdan danışan Şahmar Tağıyev gənclər siyasətinin dövlətin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Aynurə Rüstəmova “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti” mövzusunda məruzə edib, hökumətin mədəni-maarif sahəsində apardığı islahatlardan danışıb.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən videoçarx nümayiş olunub. Sonda tələbələr vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.