BTC-NİN ENERJİ TƏHLÜKƏSİZLİYİ BAXIMINDAN ƏHƏMİYYƏTİ BÖYÜKDÜR
Məqalədə Yaxın Şərq və Rusiyadan Avropaya neft nəql edən xətlərə ABŞ-ın dəstəyi ilə alternativ olaraq tikilən Bakı-Tbilisi-Ceyhan kəmərinin Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsini daha da sürətləndirəcəyi qeyd edilmiş, kəmərin açılışına dair dünya mətbuatında getmiş təhlili yazılar verildiyi bildirilmişdir.
Yaxın gələcəkdə kəmərin nəqletmə gücünün ildə 50 milyon tona çatacağını, habelə Qazaxıstan neftinin bir hissəsinin də BTC ilə ixrac ediləcəyini bildirən müəllif yazır ki, Rusiyada bəzi qüvvələr bu kəmərə Rusiyanın “enerji imperiyası”na təhlükə kimi baxırlar.
Məqalədə deyilir: “12 il əvvəl icrasına başlanan bu layihə ABŞ-ın dəstəyini almışdır. Bu, kəmərin açılış mərasimində də xüsusi vurğulanmışdır. Yaxın Şərqdə artmaqda olan təhlükə Corc Buşu az narahat etmir. O, son çıxışlarının birində Yaxın Şərq neftindən asılılığı azaltmaq niyyətini bəyan etmişdir. Ceyhana göndərilən ABŞ-ın energetika nazirinin müavini Kley Sell də BTC-nin enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulamışdır”.
Müəllif kəmərin Türkiyə üçün əhəmiyyətinə toxunmuş, onun Türkiyənin Avropa İttifaqına üzvolma prosesinə böyük təsirini vurğulamışdır: “Beləliklə, Ankara özünün enerji təchizatçısı rolundan Avropa İttifaqına üzv olmaq prosesində güclü istifadə edə bilər. Təsadüfi deyil ki, Türkiyə ərazisindən keçən neft və qaz kəmərlərinin sayı artır. BTC-dən əlavə, 2006-cı ilin sonunda Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəcəkdir”.