İDMAN
Bu gün “Chessable Masters” turnirində A qrupunun növbəti turları keçiriləcək
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən “Chessable Masters” turnirində A qrupunun növbəti beş turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda Maqnus Karlsen, amerikalı Hikaru Nakamura, rusiyalı şahmatçılar Vladislav Artemiyev, Daniel Dubov, Aleksandr Qrişuk, hindistanlı Pentala Harikrişna mübarizə aparacaqlar.
A qrupunun ilk beş turunun oyunlarından sonra Vladislav Artemiyev 3,5 xalla liderdir.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov turnirin B qrupunda mübarizə aparır. Şahmatçımız artıq qrupun 5 turunda iştirak edib. Onun aktivində 1,5 xal var.
Bu yarış M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Seriya turnirinin birinci mərhələsi aprelin 18-dən mayın 3-dək keçirilib. “Magnus Carlsen Invitational” adlanan ilk turun qalibi norveçli dünya çempionu özü olub. Mayın 19-dan iyunun 3-dək keçirilmiş ikinci yarışda - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.
Seriyanın dördüncü mərhələsi (Legends of Chess) iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək. Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.