Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək
Bakı, 15 iyul, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Bu mərhələdən etibarən UEFA-nın əmsallar cədvəlində 6-cı yeri tutan Fransadan bürünc mükafatçı “Monako”, eləcə də 7-15-ci yerlərdə qərarlaşan ölkələrin vitse-çempionları mübarizəyə qoşulurlar.
Çempionlar Liqasında hazırda davam edən ikinci təsnifat mərhələsinin 17 qalibi (adları iyulun 19-20-də keçiriləcək cavab görüşlərindən sonra məlum olacaq) ilə yanaşı, qrup mərhələsinə birbaşa vəsiqə qazanma tələblərinə cavab verməyən 3 ən yüksək reytinqli assosiasiya (Yunanıstan, Çexiya və Rumıniya) çempionları yola davam edəcək. Bu yolda “Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq) cütlüyü də var. Bakıdakı ilk görüşdə “Qarabağ” 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ şansları yüksək qiymətləndirilir. Belə ki, qitə futbol qurumu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi üçün komandaları iki qrupa bölüb. Bölgü nəticəsində "Qarabağ”-“Düdelanj” cütünün potensial rəqibləri aşağıdakılardır:
“Viktoriya” (Plzen, Çexiya), “Zalzburq” (Avstriya) - “Liepaya” (Litva), BATE (Borisov, Belarus) - SJK (Finlandiya), “Ludoqorets” (Bolqarıstan) - “Mladost” (Monteneqro) və “Kopenhagen” (Danimarka) - “Kruzeyders” (Şimali İrlandiya) cütlərinin qalibləri.