BU İL AZƏRBAYCAN TAXILA OLAN EHTİYACINI YERLİ İSTEHSAL HESABINA TAM ÖDƏYƏCƏKDİR
Qobustan, 3 iyul (AZƏRTAC). İyulun 3-də Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında taxıl toxumçuluğuna həsr olunmuş səyyar seminar-müşavirə keçirilmişdir.
Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ və Ağsu rayonlarındakı dövlət və özəl toxumçuluq təsərrüfatları rəhbərlərinin, bitki mühafizə stansiyaları rəislərinin, toxumçuluqla məşğul olan fermerlərin qatıldıqları tədbirdə respublikada toxumçuluğun vəziyyəti və bu sahədə qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir.
Səyyar seminar-müşavirəni giriş sözü ilə kənd təsərrüfatı naziri İsmət Abasov açmışdır. Nazir təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqraq islahatların uğurlu nəticələrindən danışmışdır. Qeyd etmişdir ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət Azərbaycanı bölgənin iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevirmiş, artıq ərzaq təhlükəsizliyi problemi birdəfəlik aradan qaldırılmışdır. Kənd təsərrüfatının, o cümlədən toxumçuluğun elmi əsaslara söykənməklə inkişafına nail olmaq müasir şəraitdə xüsusilə zəruridir deyən nazir, bu sahədə həyata keçirilən layihələrdən danışmışdır.
Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, biologiya elmləri namizədi Atabəy Cahangirov iştirakçılara rəhbərlik etdiyi sahənin fəaliyyəti, qazanılan uğurlar barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, elmi təcrübə stansiyasının 480 hektar sahəsi vardır. Bunun 252 hektarı əkin altındadır. Hər il təsərrüfatlara orta hesabla tam kondisiyaya çatdırılmış 330-340 ton toxum satılır.
Burada əsasən “Qobustan”, “Ruzi 84”, “Bezostaya 1”, “Cəlilabad” sortlu rayonlaşdırılmış toxumlar yetişdirilir. Bu sortlar hər hektardan 35-45, bəzən 50 sentnerədək məhsul verir. Bununla yanaşı, burada yeni sortların sınaq təcrübələri də aparılır. Hələ rayonlaşdırılmamış “Qırmızıgül 1”, “Tale 38” buğda sortları olduqca perspektivlidir. Son illər respublikamızda 30-dək yeni sortlar rayonlaşdırılmışdır. Bu zaman əsas diqqət xəstəliklərə, quraqlığa və zərərvericilərə qarşı davamlı sortlara yönəldilir.
Seminar-müşavirədə Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev “Azərbaycanda toxumçuluğun təşkili və yeni sortların istehsalata tətbiqi”, Dövlət Toxum Müfəttişliyinin rəisi Oqtay Babayev “Toxumun dövlət standartlarının tələblərinə uyğunlaşdırılması, aqrobasiyanın həyata keçirilməsi və sənədləşdirilməsi”, Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri Sabir Vəliyev “Toxumçuluğa dövlət dəstəyinin həyata keçirilməsinə dair hökumətin qərarları” mövzularında çıxışlar etmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirdə qeyd olunmuşdur ki, bu il ölkədə rekord miqdarda taxıl istehsalı gözlənilir. Mütəxəssislər cari ildə 3 milyon ton dənli-paxlalılar istehsal ediləcəyini, bunun 1 milyon 100 min tonunun ərzaq buğdası olacağını proqnozlaşdırmışlar. Bununla da ölkədə ərzaq taxılına olan ehtiyac yerli istehsal hesabına tam ödəniləcəkdir.
Tədbirdə bildirilmişdir ki, söhbət təkcə daxili tələbatı ödəməkdən deyil, qarşıdakı illərdə taxıl idxalına nail olmaqdan gedir. Bu məqsədə nail olmaq üçün qarşıda duran təxirəsalınmaz vəzifələrdən bəhs olunmuşdur. Göstərilmişdir ki, elit sotlara, ümumiyyətlə, yüksək repreduksiyalı toxumlardan istifadəyə nail olunmalı, sahələrin herikə qoyulması kimi vacib aqrotexniki tədbirin həyata keçirilməsi ənənəyə çevrilməlidir.
######
