BU İL AZƏRBAYCANDA GƏNCLƏRLƏ ƏLAQƏDAR BİR SIRA MÜHÜM LAYİHƏLƏR HƏYATA KEÇİRİLƏCƏKDİR
Bu il Azərbaycanda gənclərlə əlaqədar bir sıra mühüm layihələr həyata keçiriləcəkdir. Respublikamızda təşkil olunacaq beynəlxalq tədbirlərə xarici ölkələrdən 1000-dən artıq gəncin səfəri nəzərdə tutulmuşdur.
AZƏRTAC xəbər verir ki, bu haqda fevralın 29-da Gənclər və İdman Nazirliyində keçirilən mətbuat konfransında bildirilmişdir. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova söyləmişdir ki, təmsil etdiyi qurumun ildən-ilə genişlənən beynəlxalq əlaqələri sayəsində, bu il Kuba Respublikasının gənclər təşkilatlarının rəhbərləri ölkəmizə səfər edəcək, habelə, Küveyt, Koreya Respublikası və Belarusla gənclər siyasəti və idman sahəsində əlaqələr qurulacaqdır.
Planlaşdırılan tədbirlər siyahısında Azərbaycan gənclərinin 5-ci forumu xüsusi əhəmiyyət kəsb edir. Ötən ilin gənclər üçün uğurlu olduğunu deyən nazirliyin sözçüsü, 2007-ci ildə 170-dək gəncin xarici ölkələrdə təşkil olunmuş beynəlxalq tədbirlərə ezam olunduğunu söyləmişdir. Bu il isə 200-dən artıq gəncin beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etməsi nəzərdə tutulmuşdur.
S.Məmmədova onu da bildirmişdir ki, Bakıda bu il gənclərin iştirakı ilə keçiriləcək bir sıra beynəlxalq tədbirlər arasında ən mühümü dini ayrı-seçkiliklə bağlı təskil olunacaq beynəlxalq konfrans olacaqdır. Konfransda Avropa Şurasının baş katibi Terri Devisin, habelə, Avropanın nüfuzlu gənclər təşkilatlarının nümayəndələrinin də iştirakı nəzərdə tutulur.